Şimali Çerniqov şəhərində əməliyyatlara nəzarət edən Ukrayna ordusunun zabiti ABŞ mətbuatına onun və qoşunlarının ruslar tərəfindən törədilmiş zorakılıq hadisələrinə şahid olduqlarını ətraflı izah edib. Rusiya prezidenti Vladimir Putinə sadiq olan bu qüvvə tamamilə hərbi xidmətə çağırılan və komandirlərindən başqa hər hansı məlumat mənbəyi olmayan gənclərdən ibarətdir. Kütləvi zorakılıqdan və bir aydan çox davam edən şiddətli döyüşlərdən sonra Moskva bu şəhərdən və digərlərindən, o cümlədən Kiyevdən geri çəkilsə də, intensiv döyüşlər davam edir.
Ukrayna ordusunun polkovnik-leytenantı Eduard Rodionov deyir ki, Rusiya hərbçiləri istənilən şəkildə Ukrayna vətəndaşlarının mobil telefonlarını ələ keçirməyə çalışır, fiziki zorakılığa və bəzən qətllərə əl atırlar.
ABŞ və Avropada anonimlik şərti ilə danışan bir neçə indiki və keçmiş rəsmilər təsdiqləyirlər ki, bu hərəkətlər Moskvanın döyüş qüvvələrini necə idarə etdiyi və onların güman etdikləri düşmənlərə qarşı tətbiq etdiyi taktika ilə üst-üstə düşür.
Həm Ukrayna, həm də Rusiya əvvəllər öz qoşunları döyüş meydanında olarkən mobil telefonlara çıxışla bağlı ciddi qadağalar tətbiq etmişdilər. Kiyev Rusiyanın Ukraynanın şərqini işğalından və 2014-cü ildə Krım yarımadasının ilhaqından sonra bəzi hallarda öz qoşunları üçün bu siyasəti yumşaldıb. Rəsmilər və analitiklərin fikrincə, Moskva öz qoşunlarına daxil olmağa icazə verdiyi məlumat mənbələrinə xüsusilə ciddi nəzarət edir və onların bir çoxunu bağlayıb, qadağan edib.
“Rusiyanın çağırışçıların məlumat əldə etməsinə ciddi məhdudiyyətlər qoyması, ehtimal ki, onları məlumatdan təcrid etməklə demoralizasiya və mənəvi problemlərin qarşısını almaq məqsədi daşıyır”, - deyə Müharibə Araşdırma İnstitutunun Rusiya üzrə analitiki Mason Klark bildirib.
O qeyd edir ki, bu vəziyyət problemi daha da pisləşdirib: “Bu, xüsusilə müharibənin ilk günlərində Rusiya qüvvələrinin Moskvanın ümumi planı haqqında az məlumatlı olduğu bir vaxtda daha böyük problemlər yaradır”.
Ukraynada davam edən münaqişədə mobil telefonlardan istifadə bu həftə xüsusi əhəmiyyət kəsb edib. Hər iki tərəf GPS proqramı, yerli şəbəkə qülləsinə qoşulma və ya hətta diqqətsiz sosial media qeydi ilə yayılan həssas məlumatlar vasitəsilə öz mövqelərini təsadüfən aşkara çıxarmaq qorxusuyla öz qüvvələrinə telefondan istifadə etməmək barədə xəbərdarlıq edib.
Son günlərdə bir neçə xəbər agentliyi Rusiya qüvvələrinin, ən azı, hədəfin cib telefonu izindən istifadə edərək, öz PUA-ları və ya artilleriyasından müvəffəqiyyətlə istifadə etdiyini bildirib. Qeyd olunur ki, Rusiya işğal olunmuş ərazilərdəki ukraynalıların da aldıqları məlumatı məhdudlaşdırmaq üçün onları Rusiyanın mobil telefon şəbəkələrindən istifadə etməyə məcbur edib. Bu taktikaların çoxu yeni deyil. Rusiya daha əvvəl də Ukraynanın şərqindəki münaqişə zonasında mobil siqnallardan istifadə edərək düşmən qüvvələrinin cib telefonlarını təbliğat xarakterli mesajlarla hədəfə alıb.
Lakin telefonlar Ukraynada başladığı müharibəyə hazırlıqsız görünən Rusiya qüvvələri üçün yeni əhəmiyyət kəsb edib. Putin Ukraynada döyüşlərdə iştirak edən çağırışlı qoşun növlərinə, həmçinin şəxsi hərbi podratçılara və xarici qüvvələrə arxalanır, çünki onun peşəkar ordusu zəif və nizamsızdır.
Ağ Evdəki rəsmilər, Müdafiə və Dövlət Departamentləri Rusiya qüvvələrinin böyük bir hissəsinin Ukraynada qarşılaşdıqları müharibə həqiqətlərindən həftələr sonra məlumatlı olduqlarını və ruhdan düşdüklərinə dair xəbərləri dəfələrlə vurğulayıblar. Bəziləri hətta Ukrayna qoşunları ilə təmasda olana qədər işğalçı ordunun bir hissəsi olduqlarını bilməyiblər.
Ukraynalı komandir Rodionov hesab edir ki, ukraynalı mülki şəxslərə qarşı zorakılıqlar, həm Rusiya qoşunlarının “məyusluğu”nun məhsuludur, həm də onların keçmiş sovet qonşularına qarşı hörmətsizlik hissidir.
Rusiya əhalisinin 90%-nin Putinin Ukraynadakı müharibəsini dəstəklədiyini göstərən son sorğulara istinad edən Rodionov deyir ki, “Ruslar bir daha ukraynalılara nifrət ifadə etmək, talanların nəticələrini göstərmək üçün telefonlardan istifadə ediblər. Rusların ukraynalılara nifrəti 5-10 il əvvəl başlamayıb”.
Dəyanət Ağalarlı
Ordu.az